Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar və qadınlara dair məlumat bazası
“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar və qadınlar haqqında məlumat bazasının yaradılması” layihəsi Azərbaycan Respublikası Uşaq hüquqlarını müdafiə liqası ictimai birliyi (UHML) tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihənin əsas məqsədi birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaq və qadınlar haqqında informativ veb saytın yaradılmasıdır. Bu sayt vasitəsi ilə erməni tərəfinin qəddarlığı və onlar tərəfindən beynəlxalq konvenisyaların müddəalarının kobud surətdə pozulması barədə dünya ictimaiyyətinə məlumat çatdırılacaq. Bundan əlavə, hazırki veb sayt itkin düşmüş və girov götürülmüş uşaqlar və qadınlar haqqında məlumatları açıqlayacaq ki, bu da uşaq və qadınların axtarışı üçün köməklik göstərə bilər. Layihə çərçivəsində həm də girov uşaqlar və qadınlar haqqıda çəkilmiş “Ağrılı yaddaş” sənədli filminin ingilis, alman və rus dillərinə tərcüməsi və həmin dillərdə subtitrların yazılması, itkin və girov uşaqlar və qadınların ailələrindən, həm də uşaq vaxtı əsirlikdən azad olan şəxslərdən mühasibələrin alınması, müvafiq sənədlərin və kitabların toplanması və bunların portalda yerləşdirilməsi həyata keçirilib.
UHML məlumat dəstəyinə görə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına, mühasibələrdə iştirak edən girov götürülmüş uşaqların və qadınların ailə üzvlərinə, “Gənclərin Töhfəsi” İctimai Birliyinə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinə və Aygün Həsənoğluya, həmçinin Ağdam İcra Hakimiyyəti başçısına dərin minnətdarlığını bildirir.